ELM VƏ TƏHSİL
Almaniyanın elmi tədqiqat institutları ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur
Bakı, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru, xanım Nikola Ulliş ilə görüş keçirilmişdir.
Akademiayadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə N.Ulliş təmsil etdiyi təşkilat barədə məlumat vermişdir. Bildirmişdir ki, Almaniyanın dövlət qurumu olan DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük maliyyə şirkətidir. 1925-ci ildən fəaliyyətə başlayan təşkilat Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyyə dəstəyi göstərmişdir. Qurumun əsas vəzifəsi tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdir.
Qonaq DAAD-ın Azərbaycanda ali məktəblər, təhsil və tədqiqat mərkəzlərində mütəmadi olaraq məlumat xarakterli tədbirlər keçirdiyini bildirmişdir. Qurum gənc alimlərə təqaüd və digər maliyyə imkanları haqqında məlumat verməklə yanaşı, Azərbaycan və alman elmi tədqiqat institutları arasında körpü rolunu oynayır.
Görüşdə, həmçinin Almaniyanın elmi tədqiqat institutları ilə əməkdaşlıq perspektivləri, kadr və təcrübə mübadiləsi müzakirə olunmuşdur.
Sonda DAAD ilə müvafiq sahədə əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılmışdır. Anlaşma memorandumu üçün hazırlıq işlərinin görülməsi, o cümlədən azərbaycanlı gənc alimlər üçün Almaniyada tədqiqat imkanları və təqaüd proqramları mövzusunda təlim seminarının keçirilməsi qərara alınmışdır.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, qurumun akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev iştirak etmişlər.