İDMAN
Alpaqut üzrə dünya çempionatında idmançılar üçün hər cür şərait yaradılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Bakıda alpaqut üzrə dünya çempionatı gərgin idman mübarizəsi şəraitində davam edir. Sevindirici hal ondan ibarətdir ki, alpaqut artıq bütün dünyada geniş yayılır. Bakıda keçirilmiş birinci dünya çempionatında olduğu kimi, budəfəki yarışlar da yüksək səviyyədə təşkil edilib. Dünya çempionatında idmançılar üçün hər cür şərait yaradılıb.
Bu sözləri Dünya Alpaqut Federasiyasının texniki direktoru Tuncay Merinci AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Türkiyə idmançılarının yarışda uğurla çıxış etdiklərini vurğulayan T.Merinci bildirib: “2020-ci ildə alpaqut üzrə üçüncü dünya çempionatına Türkiyə ev sahibliyi edəcək. Ölkəmizdə Turan döyüş sənəti olan alpaqut üzrə ən nüfuzlu yarışın yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Dünya çempionatında təmsilçilərimizin çıxışını xüsusilə qeyd etmək istəyirəm. Çalışacağıq ki, birinci dünya çempionatında olduğu kimi, bu dəfə də Vətənə medallarla qayıdaq”.