ELM VƏ TƏHSİL
AMEA-da yay imtahan sessiyasının vaxtı müəyyənləşib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar üçün yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda bu qurumun rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov yay imtahan sessiyası barədə məlumat verib. Bildirilib ki, yay imtahan sessiyası doktorant və dissertantlar üçün mayın 25-dən iyunun 25-dək, magistrantlar üçün isə iyunun 1-dən iyulun 5-dək keçiriləcək. Doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci ongünlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.
Elm və təhsil idarəsinin təhsil şöbəsinin rəisi Ömər Gülalov bildirib ki, fəlsəfə fənni üzrə doktorluq imtahanları mayın 20-dən 22-dək olacaq.
Sonra elmi-analitik şöbənin rəisinin müavini Hüseyn Hüseynov AMEA-da magistratura təhsilinin təşkili barədə məlumat verib. Qeyd edilib ki, magistrlərin yay imtahan sessiyasına hazırlıq işləri tam yekunlaşıb. AMEA-nın magistraturasına Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və bu elm müəssisəsinin təhsil şöbəsinin rəisi Fərhad Yusifov doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar elmi müəssisələrin bir qisminin proqram təminatı ilə təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini bildiriblər.