ELM VƏ TƏHSİL
AMEA NAXÇIVAN BÖLMƏSİNİN, GƏNCƏ, ŞƏKİ VƏ LƏNKƏRAN REGİONAL ELMİ MƏRKƏZLƏRİNİN ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Naxçıvan bölməsinin, Gəncə, Şəki və Lənkəran regional elmi mərkəzlərinin 2007-ci ildə elmi, elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, tədbiri AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açmışdır.
Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev hesabat məruzəsində bildirmişdir ki, il ərzində 6 elmi istiqamət üzrə 35 iş 86 mərhələdə yerinə yetirilmişdir. Alimlər tərəfindən 20 kitab, 3 monoqrafiya, 390 məqalə, 14 tezis çap etdirilmiş, 6 patent alınmışdır. Bununla yanaşı, 1 doktorluq və 6 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Məruzəçi mövcud problemlərə və qarşıda duran vəzifələrə də toxunmuşdur.
Gəncə Regional Elmi Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev ötən il ərzində mərkəzdə neft kimyası, ekologiya, farmakologiya və regionun sosial-iqtisadi inkişaf istiqamətlərinin araşdırılması, eləcə də tarix, ədəbiyyat və incəsənət sahələrində elmi-tədqiqat planlarına uyğun olaraq regionun tarixi, maddi-mədəni mühitinin öyrənilməsi istiqamətlərində tədqiqatların aparıldığını diqqətə çatdırmışdır.
Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə rəhbərlik etdiyi elm ocağında aparılan elmi-tədqiqat işləri barədə məlumat vermişdir. Natiq ipəkçilik, biokimya, biofizika, geokimya, meyvə və giləmeyvə bitkilərinin genefondu, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri laboratoriyalarında müvafiq işlərin görüldüyünü nəzərə çatdırmışdır.
Sonra Lənkəran Regional Elmi Mərkəzinin 2007-ci ildəki fəaliyyətinin yekunları haqqında məruzə ilə çıxış edən fizika-riyaziyyat elmləri doktoru Asəf İsgəndərov bildirmişdir ki, mərkəzdə 5 elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir. O, həmin şöbələrdə cənub bölgəsinin etnoqrafiya və arxeologiyasının öyrənildiyini, folklor və dialektinin araşdırıldığını, bu tədqiqatların təbiət, kənd təsərrüfatı, iqtisad elmləri istiqamətində həyata keçirildiyini vurğulamışdır.
Elmi mərkəzlərin fəaliyyətləri qənaətbəxş qiymətləndirilmişdir.