ELM VƏ TƏHSİL
AMEA-NIN FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİNİN ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası fizika-riyaziyyat və texnika elmləri bölməsinin 2007-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş iclas keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov elmimizin inkişafında qazanılan uğurlardan danışmış, qarşıda duran vəzifələri diqqətə çatdırmış, alimlərə səmərəli fəaliyyət arzulamışdır.
Bölmənin akademik katibi, akademik Akif Hacıyev hesabat məruzəsində bildirmişdir ki, ötən il ərzində bölmə müəssisələrinin planlarına daxil edilmiş tədqiqatlar “AMEA tədqiqatlarının öncül istiqamətləri” proqramına uyğun aparılmışdır. Ötən il 9 elmi istiqamətdə 24 problemə dair 68 mövzu üzrə 279 tədqiqat işi görülmüşdür. Bir sıra tədqiqat işlərinin nəticələri istehsalata tətbiq olunmuşdur.
Eyni zamanda, alimlər 17 monoqrafiya, 23 vəsait və dərslik, 1.313 məqalə (onlardan 506-sı xarici jurnallarda) nəşr etdirmiş, məruzələrinin tezislərini Kanada, Yaponiya, Almaniya, Fransa, ABŞ, Türkiyə, Böyük Britaniya, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq konfranslara təqdim etmişlər. İl ərzində 41 namizədlik, 14 doktorluq dissertasiyaları müdafiə edilmiş, 22 patent alınmış və 2 iş beynəlxalq ixtiraya təqdim olunmuşdur.
Sonra geniş müzakirələr aparılmışdır. Akademik Telman Əliyev, AMEA-nın müxbir üzvləri Adil Qəribov, Rasim Əliquliyev və digər alimlər bölmənin illik fəaliyyətini yüksək qiymətləndirmiş, təkliflər vermişlər.