ELM VƏ TƏHSİL
AMEA-NIN HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2007-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Akademiyadan bildirmişlər ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov elmimizin inkişafı istiqamətində qazanılan uğurlardan danışmış, qarşıda duran vəzifələri diqqətə çatdırmış, alimlərə səmərəli fəaliyyət arzulamışdır.
HİEB-in akademik katibi, akademik Ağamusa Axundov hesabat məruzəsində bildirmişdir ki, bölmə institutlarında il ərzində 15 elmi istiqamətdə 63 problemə aid 207 mövzu üzrə 511 tədqiqat işi 330 mərhələdə yerinə yetirilmiş, 34 mühüm elmi nəticə əldə edilmişdir.
Qeyd edilmişdir ki, ictimai elmlər sahəsində “Azərbaycan tarixinin ümumi konsepsiyası: Azərbaycan tarixi (qədimdən müasir dövrə qədər)” istiqamətində aparılan tədqiqat işləri diqqəti xüsusilə cəlb edir.
Gənc elmi kadrların hazırlanması işində bölmənin institut və təşkilatları əməkdaşlarının xidmətlərini yüksək qiymətləndirən natiq, ötən il 87 aspirantın dissertasiya işi üzrə tədqiqatlar aparıldığını, 7 doktorluq, 86 namizədlik dissertasiyasının müdafiə edildiyini və alimlər tərəfindən 275 kitab, 2.401 məqalənin çap edildiyini nəzərə çatdırmışdır.
“Azərbaycan Milli Ensiklopediyası”nın yeni nəşrinin əhəmiyyətindən bəhs edən akademik, xüsusi cilddəki Azərbaycan tarixinin taleyüklü, köklü problemlərinə yeni konseptual baxımdan yanaşılmanın təqdirəlayiq olduğunu bildirmişdir.
Sonra geniş müzakirələr aparılmışdır. Akademiklər Fuad Qasımzadə, Teymur Bünyadov, Asəf Nadirov və digər alimlər bölmənin illik fəaliyyətini yüksək qiymətləndirmiş, təkliflər vermişlər.