ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Kitabxanasında informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam etdirilir
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Ultra Computers” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində akademiyanın yeni istifadəyə verilmiş Mərkəzi Kitabxananın İnformasiya Resursları Mərkəzində (İRM) informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi uğurla davam etdirilir.
Mərkəzi Kitabxananın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda AMEA ilə şirkət arasında 125 vahid informasiya texnologiyaları avadanlığının təhvil-təslimi həyata keçirilir. Mərhələli şəkildə həyata keçirilən bu prosesin ilk mərhələsində avadanlığın fiziki mövcudluğu və kitabxananın İRM-də yerləşdirilməsinin təsdiqi mərhələsi başa çatdırılmışdır. Növbəti mərhələlərdə isə avadanlıqların işləməsi və bir-biri ilə inteqrasiyası yoxlanılır. Hazırda bununla əlaqədar İRM, “Ultra Computers” şirkəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələrindən ibarət komissiya qiymətləndirmə aparır.
Şirkətin müəssisədə tətbiq etdiyi mərkəzləşdirilmiş vahid kitabxana sistemi kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaqdır. Sistemdə oxucuların qeydiyyatı, kitabların sifarişi və alınması, oxucu yerləri üzrə hesabatlılıq, kataloqlaşdırma, arxivləşdirmə, komplektləşdirmə kimi proseslərin izlənilməsi öz əksini tapmışdır.