ELM VƏ TƏHSİL
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz İlə görüş olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən söhbət açmış, ölkə rəhbərliyi tərəfindən elmə göstərilən qayğını xüsusilə vurğulamışdır.
Son illər ölkəmizdə bütün sahələrin sürətli inkişaf etdiyini diqqətə çatdıran İ.Həbibbəyli demişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin göstəricisidir ki, Azərbaycan elmi dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq münasibətlər nəticəsində elmimiz sürətlə inkişaf edir.
AMEA rəhbərliyinin prioritet vəzifələr sırasında beynəlxalq elmi əlaqələrə böyük önəm verdiyini söyləyən İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda aparılmış islahatlardan da danışmışdır.
Ədəbiyyat İnstitutunun yaranma tarixi, inkişaf yolu, elmi istiqamətləri barədə qonaqlara məlumat verən akademik bu əlaqələrin ədəbiyyat elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini qeyd etmişdir.
İ. Həbibbəyli Naxçıvan Muxtar Respublikasında keçirilmiş türk dünyası gənclər qurultayından sonra görülmüş işlərdən, Türkiyə və Macarıstandakı görüşlərindən danışaraq ölkələrimiz arasında elmi əməkdaşlığın bundan sonra davam etdirilməsinin vacibliyini vurğulamış, böyük Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Cəlil Məmmədquluzadənin əsərlərinin macar dilinə tərcüməsi və digər məsələlərdən ətraflı bəhs etmişdir.
Görüşdə Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz Türkiyə, eləcə də Macarıstan ilə qurulmuş elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq yeni istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacibliyini xüsusilə vurğulamışlar.
Sonda AMEA-nın Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.
Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və professor Ramazan Qorxmaz imzalamışlar.
Bu sənəd son üç ayda Ədəbiyyat İnstitutunun digər elmi müəssisələrlə bağladığı dördüncü beynəlxalq müqavilədir.