ELM VƏ TƏHSİL
AMEA-nın qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü, akademiyanın azad həmkarlar ittifaqının təşkilatçılığı ilə AMEA-nın İdarəetmə Sistemləri, Folklor, Riyaziyyat və Mexanika institutları, Hüseyn Cavidin ev-muzeyi və AMEA rəyasət heyəti mərkəzi aparatının əməkdaşları arasında görüş keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, məqsəd qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və perspektivlərini müəyyənləşdirilməsi olmuşdur.
Tədbirdə çıxış edən AMEA azad həmkarlar ittifaqının sədri, professor İsa Alıyev, akademiyanın vitse-prezidenti, akademik Akif Hacıyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov, İdarəetmə Sistemləri İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Qədimov görüşün akademiyanın institut və təşkilatları arasında sıx əlaqələrin qurulmasına şərait yaradacağına əminliklərini ifadə etmişlər.