MƏDƏNİYYƏT
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Bakı, 19 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində Xalq Şairi Vahabzadənin anadan olmasının 89-cu ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə açaraq görkəmli ədiblə bağlı unudulmaz xatirələrindən danışıb. Bildirib ki, Xalq Şairi bütün ömrü boyu Azərbaycanın dərdini öz şəxsi faciəsi kimi yaşayıb, əsərlərində və mötəbər tədbirlərdəki çıxışlarında bunu uca səslə bəyan edib.
Mərkəzin aparıcı mütəxəssisi, professor Firədun İbrahimov Bəxtiyar Vahabzadənin vətənpərvər bir şair olduğunu, bu səbəbdən də onun yalnız Azərbaycanda deyil, eləcə də ölkəmizdən hüdudlarından kənarda, xüsusən türk dünyasında yaxşı tanındığını söyləyib.
AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi İşlər üzrə direktor müavini, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rahim Həsənov da B.Vahabzadənin xalqımız üçün əvəzsiz insanlardan biri olduğunu vurğulayıb.
Anma tədbirində əməkdaşlardan Reyhan Məcidovanın “Poeziyamızın günəşi öz misralarında”, Aygül Xəlilovanın “Ədəbiyyatımızın Bəxtiyar zirvəsi” və Günel Musayevanın “Əbədiyaşar şair Bəxtiyar Vahabzadə” mövzularında məruzələri dinlənilib.