ELM VƏ TƏHSİL
AMEA Yüksək Texnologiyalar Parkı “Web of Science” bazasında təmsil olunub
Bakı, 17 mart, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və həmin şöbənin doktorantı, AMEA Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidovun həmmüəllifləri olduqları “Azərbaycanın yeni qitələrə çıxış strategiyası” adlı məqalə “Web of Science” bazasında (Emerging Sources Citation Index) indeksləşən Qazaxıstan Elmlər Akademiyasının “Xəbərlər” jurnalında dərc edilib.
Məqalədə Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri beynəlxalq hüquq və münasibətlər sistemi çərçivəsində tədqiq edilib. Həmçinin xarici siyasətin prioritetləri Azərbaycan xalqının milli maraqları və ölkənin milli təhlükəsizliyi kontekstində izah edilib. Yeni müttəfiqlər qazanmaq və diplomatik ekspansiya həyata keçirmək məqsədi daşıyan “Azərbaycanın yeni qitələrə doğru çıxış strategiyası” xarici siyasət qarşısında duran mühüm prioritetlərdən və vəzifələrdən biri kimi əsaslandırılır. Tədqiqatçılar məsələyə istər beynəlxalq, istərsə də ölkə səviyyəsində gündəmdə olan məsələlərdən biri kimi yanaşaraq qeyd olunanlarla bağlı öz təhlilini irəli sürüblər.
Tədqiqat xarici siyasətin prioritetlərinin və vəzifələrinin öyrənilməsi baxımdan böyük əhəmiyyətə malikdir.