CƏMİYYƏT
Amerika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq birlikdən Ermənistanın təxribatlarına son qoyulmasını tələb edib
Bakı, 14 sentyabr, AZƏRTAC
ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) sentyabrın 12-də Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, AAKŞ İdarə Heyəti üzvlərinin yaydığı bəyanatda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüququn normalarına zidd təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib. Bu genişmiqyaslı təxribata, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü diqqətə çatdırılıb: “Ermənistanın bu addımları Cənubi Qafqaz bölgəsində aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Tarixi Vətənimizin işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı bir zamanda Ermənistanın təcavüzə yol verməsi bu prosesə hər vəchlə mane olduğunun növbəti bariz göstəricisidir”.
Koordinasiya Şurası bu kimi halların bir daha təkrarlanmaması naminə beynəlxalq hüquq müstəvisində əməli addımların atılması, Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını dünya birliyindən tələb edib.