SİYASƏT
Amerika konqresmenləri bilmədən özlərinə dərs vermişlər
Budapeşt, 8 aprel (AZƏRTAC). Britaniyanın “Telegraph” qəzetinin verdiyi xəbərə görə, (http://www.telegraph.co.uk/news/worldnews/centralamericaandthecaribbean/cuba/9977335/US-politicians-question-whether-Beyonce-and-Jay-Z-broke-rules-with-Cuba-trip.html) Amerikanın tanınmış pop ulduzu Beyons və onun əri Amerika reperi Cey Z Kubaya xüsusi səfər etdiklərinə görə ABŞ konqresi üzvlərinin və ölkənin bir sıra rəsmi şəxslərinin tənqid obyektinə çevirmişlər. Cütlük öz toy gününün 5-ci ildönümünü qeyd etmək üçün Azadlıq Adasına yollanmışdır.
Məlum olduğu kimi, ABŞ öz vətəndaşlarının adi turist kimi Kubaya getməsini qadağan etmişdir və yalnız təhsil, din və mədəniyyət (məsələn, idman) məqsədləri ilə qrup şəklində xüsusi lisenziya ilə səfərlərə yol verilir.
ABŞ Konqresinin üzvləri İleana Ros-Lextinen və Mario Dias-Balart musiqiçilərin Kubaya lisenziyasının xarakterini aydınlaşdırmaq məqsədilə hökumətə sorğu vermişlər. Onlar qeyd etmişlər ki, səfər “qatillərin rejimini kefləndirməyə” sərf olunacaq adi “dollar xərcləmək əyləncəsidir”.
Təqribən 800 milyon ABŞ dolları həcmində varidatı olan bu cütlük öz səfərinin “qanuniliyini” sübut edə bilməsə, onu iri məbləğdə cərimə gözləyir.
Ümidvarıq ki, bu xəbərdən sonra xüsusən erməni sədəqələrinin düşkünü olan Amerika siyasətçiləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərə çıxmazdan əvvəl yaxşıca düşünəcəklər, ya da ən azından Azərbaycanın mövqeyini başa düşəcəklər.
Pərvanə Qarayeva
Budapeşt