SİYASƏT
Amerikalı ekspert Avropa, Avrasiya və Yaxın Şərqdə baş verən hadisələrə münasibətini bildirmişdir
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Amerika Mərkəzində ABŞ-ın Hudson İnstitutunun Siyasi-Hərbi Analiz Mərkəzinin direktoru və baş elmi işçisi Riçard Veyts jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan görüşdə səfirliyin mətbuat katibi Conas Stüart R.Veytsi jurnalistlərə təqdim etmişdir.
Bildirilmişdir ki, doktor R.Veyts hazırda Avropa, Avrasiya və Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin tədqiqi ilə məşğuldur. O, həm də Yeni Amerika Təhlükəsizlik Mərkəzinin qeyri-rezident baş elmi işçisidir və bu qurumda həyata keçirilən müxtəlif müdafiə layihələrinə öz töhfələrini verir. 2003-cü ildən Hudson İnstitutunda fəaliyyətə başlamış doktor R.Veyts əvvəllər strateji araşdırma mərkəzlərində, Xarici Siyasətin Təhlili İnstitutunda və digər mühüm müəssisələrdə çalışmışdır.
R.Veyts tədbirdə çıxış edərək tədqiqatlarının əhəmiyyətindən, araşdırmalarının nəticəsində ərsəyə gəlmiş əsərlərindən danışmış, Avropa, Avrasiya və Yaxın Şərqdə baş verən hadisələrə münasibətini bildirmişdir.
Sonra amerikalı ekspert jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.