DÜNYA
Amerikalı həkim qan qrupuna uyğun düzgün qidalanma yollarını göstərmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Müxtəlif qan qrupundan olan insanların həzm sistemi müəyyən məhsullara müxtəlif cür reaksiya verir.
Qan qrupu ilə qidalanma ideyasının yaradıcısı, amerikalı həkim Piter D'Adamo 4 qan qrupunun hər birinə müəyyən ad vermişdir. Fikir verin ki, həkim rezus-amillə bağlı heç bir fikir söyləməmişdir.
Beləliklə, birinci qan qrupunun daşıyıcıları “ovçular”, yəni ət yeyənlərdir. D'Adamo hesab edir ki, bu insanlar hər gün mal və ya qoyun əti yeməklə yanaşı, rasionlarında balıq əti, zeytun yağı, qoz, balqabaq tumları, çuğundur və əncirə də geniş yer verməlidirlər. Belə insanların xəmir xörəklərindən tamamilə imtina etmələri məsləhətdir.
İkinci qan qrupunun daşıyıcıları “əkinçilərdir”. Amerikalı həkim onları vegetarianlara aid etmişdir. Torpaq işləri ilə məşğul olanlar müvafiq olaraq meyvə-tərəvəz, dəniz məhsulları və yarmalarla qidalanmalıdırlar.
D'Adamo üçüncü qrupun adamlarını “köçəri” adlandırmışdır. Bu insanlara yeməklə bağlı elə bir məhdudiyyət yoxdur. Yalnız rasionlarına süd məhsulları daxil etməli, pomidor, nar, günəbaxan yağı və toyuq ətini imkan daxilində az yeməlidirlər.
Dördüncü qrup artıq “yeni insanlardır”. Yağsızlaşdırılmış məhsullarla bağlı reklamlar yəqin ki ilk növbədə bu insanlar üçün nəzərdə tutulmuşdur. “Yeni insanlar” kolorisi az olan təbii yeməklərdən başqa, maral və qoyun əti, meyvə və tərəvəzlə qidalanmalı, qarğıdalı yağı, kələm, buğda çörəyi, quşüzümü və ananasa üstünlük verməlidirlər.
Əgər mədə-bağırsaq yolunuz normal işləyirsə, sözügedən tövsiyələrə cəsarətlə əməl edin. Axı, bu pəhriz sağlam həyat tərzi həvəskarlarına lap qədimlərdən məlum olan ən adi qaydalara əsaslanır.