DÜNYA
Amerikalılar Şükranlıq Gününü bayram edirlər
Vaşinqton, 26 noyabr, AZƏRTAC
Hər il noyabrın sonuncu cümə axşamı günü Birləşmiş Ştatlarda Şükranlıq Gününü bayram edirlər. Bu bayramın kökləri uzaq 1621-ci ilin payızına gedib çıxır. O vaxt Plimut koloniyasının sakinləri məhsul bolluğunu üç gün bayram edərək Şükranlıq Gününün əsasını qoyublar. O vaxtdan bu bayram hər il qeyd edilir.
Amerika qitəsinə 1619-1620-ci illərdə gəlmiş ilk sakinlərin təxminən yarısı buranın sərt qışına davam gətirməyib soyuqdan və xəstəliklərdən tələf olmuş, digər hissəsi isə yerli hindi qəbilələrinin köməyi ilə salamat qalmışdı. Aborigenlər bu insanlara daşlı torpağı becərmək və yerli bitkiləri yetişdirmək sirlərini öyrətdilər. Amerikanın ilk gəlmə sakinləri ilk dəfə bol məhsul aldıqdan sonra salamat qaldıqlarına görə Allaha şükür etməyi və bunu yerli hindilərlə birgə bayram etməyi qərara aldılar. Gəlmələrə salamat qalmağın sirlərini öyrətmiş Vampanoaqa xalqının nümayəndələri (yerli hindilər) də birinci Şükranlıq bayramına qatılmışdılar. 1863-cü il oktyabrın 3-də Prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan etdi.
Bu bayram günündə Amerika ailələri bir süfrə arxasında toplanır. Şirin kartofla hind toyuğu həmin süfrənin zəruri elementi sayılır. Amerika dövlətinin formalaşmasının sonrakı illərində müxtəlif ölkələrdən buraya immiqrantlar axını başlananda süfrəyə müxtəlif bitkilərdən hazırlanmış başqa milli xörəklər də əlavə edildi.
Hər il Şükranlıq Günü bayramı ərəfəsində Ağ evdə
ABŞ Prezidentinə hind toyuğu təqdim edilməsi ənənə halına alıb. Bu mərasim zamanı Prezident Amerika xalqını ənənəvi Şükranlıq bayramı münasibətilə təbrik edir və hind toyuğunun rəmzi olaraq əfv edilməsi barədə qərar imzalayır. Bu il noyabrın 25-də ənənəvi milli mərasimin 68-ci ildönümü günündə Prezident B.Obama ABŞ-ın birinci ailəsi adından Amerika xalqını təbrik edərək, xoş arzularını bildirib. Sonra o, “Onest” və “Abe” ləqəbli iki “ahıl” hind toyuğunu əfv edib. Əfv mərasimindən sonra bu quşları daimi yaşayış yerinə - Virciniya ştatının Lizburq şəhərindəki Moven parkının muzeyinə aparıblar. Onlar burada turistlərin müşahidə obyektlərindən biri olacaq.
ABŞ Prezidentinə hind toyuğunun təqdim edilməsi ənənəsi 1947-ci ildə, Prezident Trumenin dövründə başlanıb. Əfv mərasiminin başlanğıcı isə 1987-ci ildə, Prezident Ronald Reyqanın dövründə qoyulub.
Yusif Babanlı
AZƏRTAC—ın xüsusi müxbiri
Vaşinqton