DÜNYA
Amerikanın “Slate” jurnalı: “İnsan boğulurmu və nəyə diqqət yetirmək lazımdır?”
Vaşinqton, 11 iyul (AZƏRTAC). Çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, AZƏRTAC Amerikanın “Slate” jurnalının bu mövzuda məqaləsini oxuculara təqdim edir. Məqalədə deyilir ki, suda batma hallarının heç də hamısı boğulma demək deyildir və bu zaman nəyə diqqət yetirmək lazım olduğu yazıda açıqlanır.
Məqalənin müəllifi yazır ki, ən çox uşaqların başına gələn sudabatma halları hiss olunmadan baş verir. Bir çox insanlar fikirləşirlər ki, sudabatma eynilə filmlərdəki kimi olur. Lakin məqalənin müəllifi, ABŞ-ın keçmiş sahil mühafizəsi zabiti Mariona Bittone bunun yanlış təsəvvür olduğunu bildirir. Doğrudan da, sudabatma çox vaxt səssiz, diqqəti çəkmədən baş verir. Real həyatda əllərini yelləmə, suyu şappıldatma və qışqırıqlara rast gəlinmir. Yəni boğulan insanların vəziyyəti doktor Françesko A.Pianın müəyyənləşdirdiyi “suda boğulmaya instinktiv reaksiya”ya cavab verir - boğulma zamanı insan əllərini yelləmir, suyu şappıldatmır və ya köməyə çağırmır. Bu daha çox uşaqların hərəkətlərində görünür. Müəllif uşaqların suda səssiz-səmirsiz batmasının sübutu olan statistikanı təqdim edir: 1 yaşdan 15 yaşadək uşaqların üzləşdiyi ölümlə nəticələn bədbəxt hadisələr arasında suda boğulma ikinci yeri tutur. Hər il uşaqların suda boğulması ilə nəticələn 750 ölüm hadisəsindən 375-də uşaqlar valideynlərindən 23 metr aralıda batırlar. Böyüklər isə uşağın suda necə batdığını hiss etmirlər.
Françesko A.Pia “suda boğulmaya instinktiv reaksiya”nı təxminən bu cür təsvir edir: bəzi hallar istisna olunmaqla, suda boğulan insanlar fiziki cəhətdən kimi isə köməyə çağırmaq iqtidarında olmurlar. İnsanın tənəffüs sistemi nəfəs almaq üçün nəzərdə tutulmuşdur, nitq isə bu sistemin ikinci dərəcəli funksiyasıdır. Yəni, kobud şəkildə desək, insan əvvəlcə nəfəs almalı, sonra danışmalıdır. Professor Pia qeyd edir ki, boğulan insanların ağzı suyun altına gedir və yenidən bir neçə saniyəliyə suyun üzünə çıxır. Beləliklə, boğulan insanın ağzı suyun səthində o qədər də çox qalmır ki, nəfəs alsın, yaxud kimisə köməyə çağırsın.
İkincisi, boğulan insanlar əllərini yelləyə bilmək halında olmurlar ki, kənardakı adamların diqqətini cəlb edə bilsinlər. Təbii instinktlər onları vadar edir ki, əllərini yana açsınlar və suya “sıxsınlar” ki, oradan çıxa bilsinlər. “Suda boğulmaya instinktiv reaksiya”nın bütün prosesi zamanı, boğulan insanlar əl hərəkətlərinə nəzarət edə bilmirlər. Prosesin əvvəlindən axırınadək insanın bədəni suyun altında şaquli vəziyyətdə olur. Əgər boğulan insanı xilas etməsələr, o, 20-60 saniyədən sonra tamamilə suya qərq olacaqdır. Boğulan insanların köməyə çağırması nadir hallarda baş verir - bu zaman onlar “akvatik stress” vəziyyətində olurlar. Belə hallarda onlar əllərinə keçənləri tullaya bilir, üzən əşyalardan yapışmağı bacarırlar.
Məqalənin müəllifi suda olan zaman potensial boğulmanın aşağıdakı əlamətlərinə diqqət yetirməyi tövsiyə edir:
*başın bir hissəsi suyun altında, ağız suyun səthi səviyyəsində olur;
*baş arxası üstə, ağız açıq vəziyyətdədir;
*gözlər “şüşə” kimi donuq vəziyyətdədir, özünü cəmləyə bilmir;
*gözlər qapalıdır;
*saçlar alnın və ya gözlərin üstündədir;
*ayaqlar şaquli vəziyyətdə, hərəkətsizdir;
*tənəffüs prosesi sürətlidir;
*insan müəyyən istiqamətdə üzür, lakin irəliləyə bilmir;
*insan suda arxası üstə çevrilməyə çalışır;
*insan “gözəgörünməz pilləkənlə qalxmağa” can atır;
Yuxarıda deyilənlərə əsasən, müəllif belə hallarda boğulan insanla dialoqa girməyi və hər şeyin qaydasında olub-olmadığını soruşmağı məsləhət görür. Əgər həmin insan suala mənasız baxışlarla cavab verirsə, onda onu xilas etmək üçün sizin cəmi 30 saniyə vaxtınız vardır.
M.Bittone valideynlərə isə uşaqların səslərinə diqqət yetirməyi tövsiyə edir. Uşaqlar adətən suda oynayanda səs-küy salırlar. Əgər səs kəsilirsə, onda ləngimədən diqqətinizi oraya yönəldin.
Yusif Babanlı
Vaşinqton