DÜNYA
“Amnesty İnternational” Ermənistanda keçirilmiş prezident seçkilərində yol verilən zorakılıq hadisələrini araşdırmağa çağırır
Paris, 10 mart (AZƏRTAC). Fransadakı erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 9 mart tarixli nömrəsində “Amnesty İnternational Ermənistanda keçirilmiş prezident seçkilərində yol verilən zorakılıq hadisələrini araşdırmağa çağırır” sərlövhəli yazı dərc olunmuşdur.
Məqalədə bildirilir ki, Ermənistan rəsmlərinin fevralın 18-də ölkədə prezident seçkilərinin sakit, seçici fəallığı ilə, demokratik və şəffaf keçdiyi barədə səsləndirdikləri bəyanatlar dünya ictimaiyyətini aldatmağa yönələn növbəti cəhddir. Əslində, seçkilər zamanı çoxlu sayda ciddi saxtakarlıq halları, seçicilərə təzyiqlər göstərilməsi kimi xoşagəlməz hadisələr müşahidə olunmuşdur.
“Amnesty İnternational” beynəlxalq təşkilatının hesabatında Ermənistanda keçirilən prezident seçkiləri zamanı insan hüquqlarının kobud şəkildə pozulduğu, seçicilərin qorxudulduğu və hədələndiyi hallarına təsadüf edildiyi, amma bunlar barədə hər hansı tədbir görülmədiyi qeyd olunmuşdur. Ermənistanda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin və müxtəlif ölkələrin nümayəndələrinin seçkilərin yüksək səviyyədə təşkil edildiyi və demokratik şəkildə keçirildiyi barədə müsbət fikirlər səsləndirməklərinə baxmayaraq, həmin dövrdə xoşagəlməz hadisələr qeydə alınmış, ölkənin güc strukturlarının seçki kampaniyasına açıq-aşkar müdaxilə edərək seçiciləri hədələmək, qorxutmaq və təhdid etmək yolu tutmuş, seçicilərə qarşı zorakılıq tətbiq etmişlər.
Təşkilat Ermənistandakı nümayəndəsinə istinad edərək bildirmişdir ki, bəzi seçki məntəqələrini mühasirəyə alan polis 15 müxalifətçinin içəri daxil olub səsvermələrinə mane olmuşdur və bununla da onların səsvermə hüququ kobud şəkildə pozulmuşdur. Bu cür hallara onlarla səsvermə məntəqələrində qeydə alınmışdır. Serj Sərkisyanın tərəfdarları bəzi məntəqələrdə seçki prosesinə açıq-aşkar müdaxilə edərək seçiciləri zorla ona səsverməyə məcbur etmişlər.
Bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri seçki prosesində yol verilən nöqsanları foto və video lentə çəkəcəkləri halda öldürüləcəkləri barədə xəbərdarlıq almışlar. Hətta, bəzi məntəqələrdə jurnalistlərə səsvermə prosesini izləməyə belə imkan verilməmişdir.
Bəzi qəsəbələrdə və kəndlərdə seçici S. Sərkisyana səs verdiyini bülletendə qeyd etdikdən sonra onun qutuya salınmasına icazə verilmişdir. Hətta bəzi yerlərdə seçicilərə S. Sərkisyana səs vermədikləri halda, güzəştli sosial yardımlardan məhrum ediləcəkləri kimi hədə-qorxu gəlinmişdir. Seçkilər zamanı seçicilərə siyasi əqidələrini sərbəst və azad şəkildə nümayiş etdirməyə imkan verilməmiş, zorakılıqla üzləşən seçicilərin hüquqları tamamilə pozulmuşdur.
“Amnesty İnternational” Ermənistan hakimiyyətini seçkilərin gedişi zamanı qeydə alınan pozuntu hallarını araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırmışıdır. Hakimiyyət 2008-ci ildə baş verən hadisələri təkrar etməməli, seçkilərdən sonra mitinq və nümayiş iştirakçılarının təhlükəsizliyini təmin etməlidir.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris