DÜNYA
Analitiklər iPad-in populyarlığının azalacağını proqnozlaşdırırlar
Bakı, 3 dekabr (AZƏRTAC). “ABİ Research” analitika şirkəti bu ilin üçüncü rübündə planşet bazarında araşdırma apararaq aydınlaşdırmışdır ki, 2010-cu ildə iPad-in ilk nəsli peyda olandan sonra Apple-in bazarda payı minimal həddə düşmüşdür. Bunun əsas səbəbi kimi Android planşetlərin getdikcə artan populyarlığı göstərilir.
Analitiklərin hesabatında bildirilir ki, planşetlər bazarında Apple-in payı 55 faizədək enmişdir, bu isə ötən dövrlə müqayisədə 14 faiz azdır. Yeri gəlmişkən, eyni nəticələr bundan əvvəl digər bir qurum- “Strategy Analytics” şirkəti tərəfindən də müəyyənləşdirilmişdir.
Son rüblərdə Androidin payı durmadan artaraq hazırda 44 faizə çatmışdır.
“ABİ Research”-də əmindirlər ki, “iPad mini” və iPad-in dördüncü nəsli Apple-in zəifləyən mövqeyinə ilin son rübündə elə də ciddi təsir etməyəcəkdir. Analitik Ceff Orr bildirmişdir ki, Apple “iPad mini”nin kiçik planşetini buraxmaqla yeddidüymlük Android-planşetləri meydandan sıxışdırmaq qərarına gəlmişdir.
Android-ə gəldikdə isə, Orr onun sonrakı inkişafının artacağını proqnozlaşdırır: “İstehsalçıların əksəriyyəti istehlakçılara istənilən qiymət bazarında geniş seçmə imkanları təklif edərək, öz qurğuları üçün əməliyyat sistemi kimi Android-i seçmişlər. Buna görə də, istehsalçıların böyük hissəsi diqqəti daha çox bu əməliyyat sisteminə yönəldirlər”.