MƏDƏNİYYƏT
Andrey Ukleinin rənglər dünyası
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Andrey Ukleinin fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından danışıb. Bildirib ki, bu, Andreyin ikinci fərdi sərgisidir. O, peşəkar rəssam olmasa da, istedadlı və zəhmətsevərdir.
Ekspozisiyada rəssamın 70-dən çox rəngkarlıq və qrafika əsəri təqdim olunub. Onların sırasında natürmortlar, mənzərələr, Pablo Pikassonun, El Qrekonun, flamand rəssamlarının əsərlərinin reproduksiyaları yer alıb.
A.Ukleinin müəllimi Tamilla Qurbanova rəssamı fərdi sərgisi münasibətilə təbrik edib, onun yaradıcılıq üslubundan söz açıb. Bildirib ki, A.Uklein yaradıcılığını üslub çərçivələri və ya istiqamətlərlə məhdudlaşdırmayan özünəməxsus rəssamdır.
Sonra rəssamın dostları və yaxınları təbrik nitqi ilə çıxış ediblər.
A.Uklein sərginin təşkilatçılarına, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib.