İQTİSADİYYAT
Ankarada keçirilmiş enerji konfransında TANAP layihəsi diqqət mərkəzində olmuşudur
Ankara, 7 mart (AZƏRTAC). Ankarada Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) təşkilatçılığı ilə “Regional və qlobal enerji təhlükəsizliyi: Türkiyənin rolu” mövzusunda keçirilmiş konfransda Trans-Anadolu təbii qaz boru xətti layihəsi (TANAP) diqqət mərkəzində olmuşdur.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız konfransdakı məruzəsində bildirmişdir ki, “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün TANAP ən mühüm layihə oldu. Eyni zamanda, gələcəkdə bu boru xətti ilə nəql olunacaq təbii qazın Şərqi Avropadan “Nabukko West” kəməri ilə tranziti istiqamətində də önəmli addımlar atılır.
Türkiyəli nazirin sözlərinə görə, Azərbaycan və Türkmənistan təbii qazının nəqli, İraqda sabitliyin bərqərar olması ilə bu ölkədə BOTAŞ və TPAO şirkətlərinin 5 milyard dollar sərmayə ilə konsorsiumda iştirak etməsi Türkiyəni regionun mühüm enerji aktoruna çevirəcəkdir. TPAO şirkəti hazırda ən böyük gəliri Azərbaycanda həyata keçirilən layihələrdən əldə edir.
“SOCAR-Turkey Enerji A.Ş.” şirkətinin rəhbəri Kənan Yavuzun konfransda “TANAP layihəsinin enerji təhlükəsizliyində rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Onun sözlərinə görə, Türkiyə və Avropanın getdikcə artan enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan və Türkiyə liderlərinin siyasi iradəsi ilə həyata keçirilən TANAP layihəsi mühüm bir səhifə açmışdır. BOTAŞ və TPAO şirkətləri bu boru xəttində 20 faizlik paya sahib olacaqlar və ildə minimum 6 milyard kubmetr təbii qaz alacaqlar. İlk mərhələdə Avropaya nəql olunacaq 10 milyard kubmetr təbii qaz isə gələcəkdə daha yüksək rəqəmlərə çatacaqdır.
Azərbaycan sərmayəsi ilə inşa edilən “Star” neft emalı zavodunda emal olunacaq 10 milyon ton məhsulun 3 milyon tonu da “Petkim” şirkətinə veriləcək, qalanı isə Türkiyə bazarında satılacaqdır. Ümumilikdə isə, SOCAR 2018-ci ilədək Türkiyədə 17 milyard dollar sərmayəyə imza atacaqdır.
Konfransda çıxış edən “bp-Türkiyə” şirkətinin icraçı direktoru Bud Fakrell bildirmişdir ki, bp şirkəti Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Azərbaycan və Türkiyə şirkətləri ilə fəal əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir. Bu əməkdaşlıq, xüsusilə TANAP layihəsinin həyata keçirilməsi prosesində daha fəal olacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara