SİYASƏT
Ankarada TürkPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 2-ci toplantısı keçiriləcəkdir
Bakı, 4 aprel (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 2-ci iclası aprelin 5-də Ankarada keçiriləcəkdir.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə Böyük Millət Məclisinin binasında keçiriləcək iclasda “TürkPA üzvü olan ölkələrdə investisiya mühitinin yaxşılaşdırılması” mövzusunda məruzə əsas müzakirə mövzusu olacaqdır. Komissiya üzvlərinin məruzə ilə bağlı rəy və təklifləri dinlənildikdən sonra tövsiyə xarakterli qərarlar qəbul olunacaqdır.
Həmin məruzə TürkPA-nın iyun ayında Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında müzakirəyə təqdim ediləcəkdir. Həmçinin, iclasda komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcəkdir.
Qırğız parlamentinin deputatı Kojobek Rıspayevin sədrliyi ilə keçəcək iclasda Azərbaycan, Qazaxıstan və Türkiyədən millət vəkilləri, TürkPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcəklər. İclasda, Türk Şurası baş katibinin müavini Qismət Gözəlov və Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Mustafa Başkurtun iştirakı və çıxışları da nəzərdə tutulmuşdur.