CƏMİYYƏT
Antidepressantların qəbulu sümük sınmalarına gətirib çıxara bilər
Bakı, 7 sentyabr, AZƏRTAC
Antidepressantlar insanların psixi sağlamlığı üçün zəruri olsa da, bəzi hallarda sümüklərə zərər yetirə bilər. Bu cür preparatları qəbul edən adamlarda tez-tez sümük sınmaları baş verir.
AZƏRTAC medportal.ru saytına istinadla xəbər verir ki, Kolumbiya Universitetindən Patrisiya Dyusi və onun həmkarları siçanlar üzərində təcrübə aparıblar. Altı həftə ərzində canlılara fluoksetin (antidepressant) verilib. Alimlər müşahidə ediblər ki, üç həftə ərzində sümüklər möhkəmlənib və sınma təhlükəsi azalıb, lakin sonra sümük kütləsinin azalması baş verib. Mütəxəssislər qeyd edirlər ki, dərmanların heç də hamısı, məsələn, sitalopram bu cür təsir göstərmir.
Bənzər qanunauyğunluq insanlarda da müşahidə edilir. Bir ildən çox antidepressant qəbul edən insanlar daha çıx sümük sınmasına meyillidirlər. Bu o deməkdir ki, pasiyentlərə antidepressant təyin edən həkimlər onlara bu cür dərmanların əlavə təsirlərini xatırlatmalıdırlar. Risk qrupuna daxil olan pasiyentlər, ola bilsin ki, həyat tərzini dəyişmək - siqareti tərgitmək, qida rasionunda dəyişiklik etmək zərurəti qarşısında qala bilərlər.