REGİONLAR
Aqil Bəhramlı: Gəncə Dövlət Dram Teatrının yeni binasında şəhər sakinlərinə, qonaqlara bir-birindən maraqlı səhnə əsərləri təqdim olunacaq
Gəncə, 31 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Dram Teatrının yeni binasında şəhər sakinlərinə, qonaqlara bir-birindən maraqlı səhnə əsərləri təqdim olunacaq. Əminəm ki, aktyorlarla yanaşı, teatrsevərlər də burada yaradılan şəraitdən məmnun qalacaqlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncə Dövlət Dram Teatrının rəhbəri Aqil Bəhramlı deyib.
“Ötən gün Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak etdi. İlk növbədə, Prezidentimizə belə bir yeni, müasir teatr binasına görə həm özüm, həm də teatrın kollektivi adından təşəkkürümü bildirirəm. Bina müasir standartlara cavab verən işıq, səs sistemləri və texnikalarla təmin olunub,” - deyə teatr rəhbəri deyib.
Gəncə Dövlət Dram Teatrının 2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə, teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.
Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib. Görkəmli teatr xadimləri İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi şəxsiyyətlərin sənət yolu məhz buradan keçib.