REGİONLAR
Aqrar sahədə ixtisaslı kadrlara böyük ehtiyac duyulur
Zərdab, 10 aprel, AZƏRTAC
Zərdabda Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə son illər Zərdab rayonunda kənd təsərrüfatı sahəsində əldə olunan uğurları əks etdirən stendlərə, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Tədbirdə ölkədə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən mühüm layihələrdən və Aqrar Universitetin kadr hazırlığı istiqamətində əldə etdiyi uğurlardan danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, görüşün əsas məqsədi məktəbliləri kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına həvəsləndirməkdir. Qeyd olunub ki, Zərdabda kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Dövlətin dəstəyi, fermerlərin işgüzarlığı sayəsində həyata keçirilən və icrası nəzərdə tutulan əhəmiyyətli layihələrin uğurla başa çatdırılması üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Prezident İlham Əliyev də martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə kadr hazırlığının vacibliyini vurğulayıb.
Görüşdə bildirilib ki, cari təsərrüfat ilində Zərdabda 6 min ton pambıq, 15 tondan çox barama istehsal etmək, taxıl istehsalını 55 min tona çatdırmaq qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları çıxış edərək ali təhsil ocağının maddi-texniki bazası, ixtisaslar, kadr potensialı barədə ətraflı məlumat veriblər.
Valideynlər və şagirdlər çıxış edərək maarifləndirici tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Məktəblilər vurğulayıblar ki, bu tədbir onların ixtisas seçiminə təsirsiz qalmayacaq.