SİYASƏT
AQRAR SİYASƏT KOMİTƏSİNİN 2010-CU İL YAZ SESSİYASININ QANUNVERİCİLİK İŞLƏR PLANI TƏSDİQ OLUNMUŞDUR
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir.
İclasda komitənin 2009-cu il payız sessiyasının yekunları, 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı və “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Komitənin sədri Eldar İbrahimov demişdir ki, ötən sessiyada rəhbərlik etdiyi qurum öz fəaliyyətini Milli Məclisin qanunvericilik fəaliyyəti sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirmişdir. Ötən sessiyada aqrar siyasət komitəsinin 5 iclası keçirilmişdir. Bu iclaslarda 8 məsələ, o cümlədən 6 qanun layihəsi geniş müzakirə edilmişdir. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilmiş, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılmışdır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında”, “Tütün və tütün məmulatları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara bir sıra dəyişikliklər və əlavələr edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçmişdir. Bu sənəd 2010-cu ilin yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaqdır. Komitə üzvləri bu dövrdə “Pambıqçılıq haqqında” qanun layihəsinə də münasibət bildirmişlər.
Sonra Eldar İbrahimov komitənin 2010-cu il yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat vermişdir. Bildirilmişdir ki, yaz sessiyasında əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələrinə baxılacaq, eləcə də bir sıra qanunlara əlavələr və dəyişikliklər olunacaqdır.
Komitə üzvləri qanunvericilik işləri planı ilə bağlı bir sıra təkliflərini vermiş, iş planı təsdiq olunmuşdur.
Sonda “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Bu sənədin Azərbaycan xalqının milli maraqlarına xidmət etdiyi vurğulanmışdır.
Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.