REGİONLAR
“ARB Günəş” televiziyasında AZƏRTAC-ın Uşaq Bilik Portalı haqqında proqram yayımlanacaq
Xaçmaz, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 30-da ölkənin ilk uşaq kanalı “ARB Günəş” televiziyasında yayımlanan “Biz gələcəyik!” proqramında AZƏRTAC-ın Uşaq Bilik Portalı (http://portal.azertag.az/) haqqında danışılacaq.
Uşaq Bilik Portalının əməkdaşları Nigar Hüseynova və Elvira Sərdarova proqramın qonağı olub, portal haqqında ətraflı məlumat veriblər.
“Biz gələcəyik!” verilişi “ARB Günəş” televiziyasının efirində saat 19:00-da yayımlanacaq.
Qeyd edək ki, müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulan AZƏRTAC-ın Uşaq Bilik Portalı 2013-cü ildən fəaliyyət göstərir. Əsas məqsəd yetişməkdə olan gənc nəslin intellektual səviyyəsini və biliklərini artırmaq, uşaqlara vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlər aşılamaq, onların estetik zövqünü formalaşdırmaqdır. Portalda “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Bu maraqlıdır”, “Bilirsinizmi...”, “Nənənin sandıqçası”, “Foto” və “Video” bölmələri fəaliyyət göstərir. Həmçinin cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr yerləşdirilir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara da yer ayrılır.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.