ELM VƏ TƏHSİL
ARDNŞ-DƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ MƏKTƏBLİLƏRİN II BEYNƏLXALQ LAYİHƏ OLİMPİADASININ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi üzrə Məktəblilərin II Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşmüşdür.
İştirakçıları təbrik edən R.Abdullayev onlara uğurlar arzulamışdır. Builki olimpiadada 30 dövləti təmsil edən məktəbli komandaların ətraf mühitin qorunması məsələlərinə dair hazırladıqları layihələrlə iştirak etdiyini bildirən ARDNŞ-in prezidenti bu əlamətdar tədbirin Azərbaycanda keçirilməsinin artıq xoş ənənəyə çevrildiyini söyləmişdir.
Azərbaycanın neft sənayesinin sürətli inkişaf dövrünə qədəm qoyduğu, bu prosesdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan Özəl Türk Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal Olimpiadanın artıq ikinci dəfə Azərbaycanda keçirilməsini müsbət hal kimi qiymətləndirmişdir.
Aprelin 4-də ABŞ, Rusiya, Türkiyə və Azərbaycan alimlərinin daxil olduğu münsiflər heyəti Olimpiadaya təqdim edilən işlərə baxacaq və onları qiymətləndirəcəklər. Aprelin 5-də Olimpiadanın təntənəli bağlanış mərasimində qaliblər mükafatlandırılacaqdır.
ABŞ, Qırğızıstan, İndoneziya, Filippin, Meksika, Türkiyə və başqa ölkələrdən gələn iştirakçılar Olimpiadanın təşkilinə göstərilən dəstəyə görə ARDNŞ prezidentinə minnətdarlıqlarını bildirmiş və gətirdikləri hədiyyələri təqdim etmişlər.
R.Abdullayev görüşdə iştirak edən şagird və müəllimlərə ARDNŞ-in hədiyyələrini vermişdir. Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.