İQTİSADİYYAT
ARDNŞ-in nümayəndə heyəti tullantıların idarə olunması sahəsində Almaniya təcrübəsini öyrənir
Bakı, 9 avqust (AZƏRTAC). ARDNŞ-in nümayəndə heyəti tullantıların idarə edilməsi sahəsində müasir texnologiya və qabaqcıl təcrübə ilə yaxından tanış olmaq üçün Almaniyaya ezam olunmuşdur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Hannover və Bremen şəhərlərində tullantıların idarə olunması üzrə fəaliyyət göstərən istehsalat sahələrində olmuşdur. Səfər müddətində istehsalat sahələrində neftli suların, qazma şlamının və istehsalat proseslərində yaranan digər tullantıların çeşidlənməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi, təkrar emalı və utilizasiyası prosesində istifadə olunan müxtəlif avadanlıq və texnoloji proseslərə baxış keçirilmişdir.
Hazırda ARDNŞ-in tullantıların idarə olunması mərkəzinin yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə sənədləri üzərində işlər başa çatdırılmaqdadır. Gələcəkdə layihə üzrə tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və bu sahədə müasir texnoloji proseslərin tətbiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq inkişaf etmiş ölkələrin tullantıların idarə olunması sahəsində təcrübəsinin öyrənilməsi və gələcəkdə ARDNŞ-in fəaliyyət sahələrində tətbiq olunması baxımından Hannover və Bremen şəhərlərinə təşkil edilmiş səfər xüsusi əhəmiyyət kəsb edir.