SİYASƏT
ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev Bi-Bi-Si-nin Azərbaycan xidmətinə və “The Wall Street Journal” nəşrinə müsahibə vermişdir
London, 23 noyabr (AZƏRTAC). Noyabrın 22-də Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bi-Bi-Si-nin Azərbaycan xidmətinə və nüfuzlu “The Wall Street Journal” nəşrinin “Dow Jones International” əlavəsinə müsahibə vermişdir.
Bu iki media qurumunun müxbiri ilə söhbət zamanı ARDNŞ-ın prezidenti dövlətimizin energetika sahəsində siyasətindən söhbət açmış, suallara ətraflı cavablar vermişdir. O, jurnalistlərə Azərbaycan Milli Məclisində TANAP qaz kəmərinin ratifikasiya olunduğunu söyləmişdir. R.Abdullayev bildirmişdir ki, bu ayın sonunda müqavilənin Türkiyə parlamentində də ratifikasiya olunacağı gözlənilir.
R.Abdullayev ARDNŞ-a məxsus torpaqlardakı evlərin guya sökülməsi məsələsinin müxalifət mətbuatında və xarici KİV-lərdə müzakirəsini hay-küylü kampaniya adlandırmışdır. O demişdir: “İndiyədək heç bir tikintisi başa çatmış ev, o cümlədən Sulutəpədəki evlər sökülməmişdir. Lakin biz qanun çərçivəsində ARDNŞ torpaqlarında qeyri-leqal ev tikilməsinə yol verməməyə çalışır, vətəndaşlara onlara məxsus olmayan və şərəfsiz dəllalların onlara qanunsuz “satdıqları” torpaqlarda ev tikilməsinin mənasız olduğunu izah edirik. Artıq tikilmiş və məskunlaşmaya hazır evlərin sökülməsi və vətəndaşlara ev tikməyə başlamağın, yaxud yarımçıq tikilinin inşasının davam etdirilməsinin yolverilməz olduğunu izah edilməsi tamamilə fərqli şeylərdir. Lakin ev artıq tikilmişdir və orada insanlar yaşayırsa, biz onu sökmür, məhkəməyə müraciət edirik. Biz məhkəmənin qərarlarını gözləyirik. Ancaq indiyədək heç kim bir dənə də tikilmiş evi sökməmişdir.
ARDNŞ-ın rəhbəri şirkətin təhsilə xüsusi diqqət ayırdığını vurğulamışdır. O, şirkətin Azərbaycan gənclərinə təqaüdlər ayırmasından və ödənişli stajlardan söhbət açmışdır. O demişdir: “Biz istedadlı gəncləri bundan sonra da dəstəkləyəcəyik”.
Xatırladaq ki, bir qədər əvvəl ARDNŞ-ın prezidenti lord Şeyx və lord Rizbi ilə görüşlər keçirmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
London