İQTİSADİYYAT
ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir
Bakı, 3 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) kadr hazırlığının təşkili mərkəzində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə idarənin rəisi Fuad Süleymanov mərkəzə yeni qəbul olunmuş şagirdləri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır. ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov peşəkar milli kadrların hazırlanmasında TTSİ-nin rolunu xüsusu qeyd edərək, bu il yüksək bal toplayaraq qəbul olunmuş şagirdləri, eləcə də idarənin mühəndis-pedaqoji heyətini təbrik etmiş, müdavimlərin nəzəri və praktiki biliklərə səylə yiyələnəcəklərinə, milli ruhlu kadrlar kimi formalaşacaqlarına əminliyini ifadə etmişdir. Bildirilmişdir ki, neft-qaz sənayesində ixtisaslı fəhlə kadrlarına tələbatın artması nəzərə alınaraq, 2012-2013-cü tədris ilində əvvəlki illərdən fərqli olaraq mərkəzə 113 nəfər qəbul edilmişdir. Kadr hazırlığının təşkili mərkəzində dərslərin keyfiyyətinin ildən-ilə daha da yüksəlməsi qeyd olunmuş, mərkəzin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində ARDNŞ tərəfindən zəruri tədbirlərin bundan sonra da həyata keçiriləcəyi söylənilmişdir.
Çıxış edənlər neft-qaz sənayesi üçün peşəkar fəhlə kadrların hazırlanmasında müasir təlim texnologiyalarına malik TTSİ-nin fəaliyyətinin əhəmiyyətindən danışmış, mərkəzə müsabiqə yolu ilə qəbul olan şagirdlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən göndərilən, uşaq evlərində böyümüş orta təhsilli 11 kimsəsiz uşağın təhsil alması üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra mərkəzə müsabiqədənkənar götürülmüş həmin şagirdlərin təhsil dövründə yaşayacaqları yataqxana otaqlarına baxış keçirilmiş və onlara təqdim olunmuşdur. Bildirilmişdir ki, tədris müddətində onlar gündəlik isti yeməklə də təmin olunacaqlar.
Mərkəzə qəbul olunmuş şagirdlər təhsillərini başa vurduqdan sonra ARDNŞ-in idarə və müəssisələrində müvafiq işlə təmin olunacaqlar.