İQTİSADİYYAT
ARDNŞ-in yeni inzibati binası ən müasir tələblərə cavab verəcəkdir
Bakı, 3 iyun (AZƏRTAC). Məlum olduğu kimi, ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməl qoyma mərasimi keçirilmişdir. ARDNŞ-in müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmış, bununla bağlı müsabiqə elan olunmuş, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılmışdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-in qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilmiş və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılmışdır. 2007-ci ilin sentyabrında ARDNŞ ilə “Heerim Architects & Planners Co. Ltd” şirkəti arasında müvafiq müqavilə imzalanmışdır. Bundan sonra, 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilmiş və dünyanın 8 nüfuzlu tikinti şirkəti arasında Türkiyənin “TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlmiş və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanmışdır. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim” şirkəti həyata keçirəcəkdir. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.
Əminliklə demək olar ki, paytaxtda öz modern tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcəkdir. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaqdır. Binanın 2-ci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulmuşdur. Binanın fasadının ümumi sahəsi 27 min kvadratmetr, zirzəminin sahəsi təxminən 52 min kvadratmetr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadratmetrdir. Ümumilikdə layihənin sahəsi 100 min kvadratmetrdən artıqdır.
ARDNŞ-in yeni inzibati binasının konstruksiyası dəmir-beton özək divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaqdır. Bina Rixter cədvəlinə görə 9 ballıq zəlzələyə davamlı olacaqdır. Binanın layihəsi Kanadada yerləşən xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilmişdir. Külək-tunel testinə uyğun olaraq, binanın əsmə amplitudasının məhdudlaşdırılması məqsədi ilə xüsusi damper sistemi ilə təchiz olunması qərara alınmışdır. ARDNŞ-in yeni inzibati binasında tikinti işləri IBC (Beynəlxalq Tikinti Standartı), Amerika standartları, SNİP, Azərbaycan Tikinti Normativlərinə uyğun aparılacaqdır.
Azərbaycanda ilk dəfə olaraq, burada fasadın təmizlənməsi və servisi İKU avtomatik təmizləmə sistemi vasitəsilə həyata keçiriləcəkdir. 2 min 200 nəfərin rahat çalışması üçün nəzərdə tutulmuş bina, həmçinin “bir şaxtada iki lift” prinsipinə əsaslanan TWIN - əkiz kabinalı liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaqdır. Binaya 220 nəfərdən ibarət heyət texniki xidmət göstərəcəkdir. Hazırda binanın qüllə hissəsində drenaj quyuları qazılır. Qülləətrafı avtopark və podium hissələrindəki bünövrə işləri yekunlaşmışdır. Avtoparkın birinci mərtəbəsinin örtük betonları tökülməkdədir. İşlər qrafikə uyğun olaraq davam etdirilir.