DÜNYA
Arı zəhərinin yaşla bağlı dəridə baş verən dəyişikliklərdən qoruyan yeni vasitə olduğu aşkar edilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Arı zəhərinin yaşla bağlı dəridə baş verən dəyişikliklərdən qoruyan yeni vasitə olduğu hesab edilir.
AZƏRTAC-ın “The Daily Mail”ə istinadla verdiyi xəbərə görə, sınaqlar göstərmişdir ki, zəhər dərinin elastikliyi üçün vacib olan kollagenin ifrazını aktivləşdirir.
Cənubi Koreyanın Kənd Təsərrüfatı Elmləri Milli Akademiyasından doktor San Mi Han məhz arı zəhərinin əsasında kosmetik vasitələr yaratmışdır. Yeni Zelandiyanın "Manuka Doctor" şirkəti isə vasitənin Botoksun tam alternativi olaraq bazarda onun yerini tutacağını vəd etmişdir.
Məlumdur ki, bu məhsulda nəmləndirici vasitələr, təmizləyici köpüklər, zərdab, bərpaedici krem və maskalar vardır. İstehsalçılar bildirmişlər ki, bu vasitələr dəriyə çəkildikdə insan həmin nahiyədə arabir sancma hiss edir. Bu anda orqanizm sanki insanı arı sancdığını "fikirləşir". Nəticədə yalançı sancma yerinə qan yeriyir, kollagenin və elastinin ifrazı stimullaşır.
Doktor San Mi Hanın fikrincə, bu terapiya habelə bakteriyalar, susuzluq və Günəşdən zədələnmələr kimi amillərdən müdafiə səddi rolunda çıxış edən hüceyrələrin - keratinositlərin sayını artıra bilər. Həmin hüceyrələr dərinin üst hissəsində yerləşir. Yaşla əlaqədar onların sayı azaldıqca dəridə qırışlar əmələ gəlir.
Arı zəhərini əldə etmək üçün onun toplanmasının xüsusi texnologiyası hazırlanmışdır. Bu texnologiya həşəratın öldürülməsini nəzərdə tutmur və o, yalnız şüşə kollektoru dişləməyə məcbur edilir. Səthə yetərincə zəhər toplandıqda onu qurudur və təmizləyirlər. Zəhər artıq təmizlənmiş şəkildə kosmetologiyada istifadə edilir.