İDMAN
Arkadi Dvorkoviç: Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransında deyib.
Arkadi Dvorkoviç qeyd edib ki, bu cür tədbiri ərsəyə gətirmək asan deyil. Bakıda keçiriləcək dünya kuboku yarışlarında 100-ə yaxın ölkədən 300-dən artıq şahmatçı iştirak edəcək. Azərbaycan Şahmat Federasiya ilə FlDE arasındakı əməkdaşlıq hər zaman yüksək səviyyədədir. Əminəm ki, ədalət yarışda zəfər çalacaq və oyunu izləyən hər kəs zövq alacaq.
Sayca 10-cu dəfə təşkil olunacaq dünya kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Yarışda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç, 2835), yüksək sıralarda qərarlaşan Azərbaycan təmsilçiləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, eyni zamanda, Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri qələbə uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FIDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FIDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.
Azərbaycanı turnirdə T.Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.
Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, dünya kuboku yarışları səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.