CƏMİYYƏT
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-i saat 09 radələrində Bərdə rayonunun Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.