ELM VƏ TƏHSİL
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA MUZEYİNDƏ ƏSASLI TƏMİR İŞLƏRİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya Muzeyinin binasında iki aydır əsaslı təmir işləri davam edir.
Artıq binada söküntü işləri yekunlaşmış, kommunikasiya vasitələri yenidən qurulmuşdur. Hazırda binanın hər iki mərtəbəsində bərkitmə işləri aparılır. Ekspozisiya zalının beton örtüklü döşəməsi mərmərlə əvəz olunacaq, ikinci mərtəbədə isə parket döşəmə quraşdırılacaq, fasad hissənin görkəmi olduğu kimi saxlanılacaqdır.
Muzeydə ilk dəfə eksponatların bərpası məqsədilə laboratoriya da yaradılacaqdır. Bundan əlavə, eksponatların saxlanılması üçün xüsusi otaqlar ayrılacaqdır. Maddi-tarixi nümunələrin qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə yeni avadanlıq quraşdırılacaqdır.
Hazırda muzeyin fondunda daş dövründən orta əsrlərəqədərki dövrü əhatə edən və qazıntılar zamanı əldə olunan 500 minə qədər maddi tarix nümunələri saxlanılır. Ekspozisiya zalında il ərzində tapılan nümunələrin nümayişinə üstünlük veriləcəkdir.
Xatırladaq ki, İtaliya memarlığı üslubunda tikilən binanın təməli XX əsrin əvvəllərində qoyulmuşdur. Buranın muzeyə çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1983-cü ildə Bakıda belə bir muzeyin açılmasına dair göstəriş verilmiş, 1985-ci ildə o, fəaliyyətə başlamışdır.
Muzey ilin sonunda qapılarını yenidən qonaqlarının üzünə açacaqdır.