ELM VƏ TƏHSİL
Arxeoloq Qoşqar Qoşqarlının 70 illik yubileyinə həsr olunan məqalələr toplusu nəşr edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Azərbaycan arxeologiyasına dair tədqiqatlar. Qoşqar Qoşqarlının 70 illik yubileyinə həsr olunmuş məqalələr toplusu” nəşr edilib. İnstitutun arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının yubileyi münasibətilə nəşr edilmiş topluda son dövrlər ölkə ərazisində aşkar edilmiş müxtəlif tarixi abidələrdə aparılan tədqiqatlar, həmçinin Azərbaycan və Avropanın tanınmış arxeoloqlarının məqalələri yer alıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktoru elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblidir. Məqalələr toplusunda Nəcəf Müseyibli və tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin həmmüəllifi olduqları ilk məqalədə arxeoloq Qoşqar Qoşqarlının həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Q.Qoşqarlı elmi fəaliyyətinin ilk illərindən Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməmiş sahələrindən biri - torevtika (qiymətli metallardan və tuncdan hazırlanmış avadanlıq) məmulatlarının tədqiqi ilə məşğul olub. O, 1981-1985-ci illərdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsində elmi katib vəzifəsində işləyib. 1986-1992-ci illərdə Talış-Muğan arxeoloji ekspedisiyasının rəisi kimi fəaliyyət göstərən arxeoloq Muğan və Lənkəran, Astara bölgələrində əvvəllər elmə məlum olmayan Tunc, İlk Dəmir, Antik və orta əsrlər dövrlərinə aid yüzlərlə tarixi-arxeoloji abidələr aşkar edib. 1988-1996-cı illərdə Q.Qoşqarlı UNESKO-nun “Böyük İpək Yolu” beynəlxalq proqramında Azərbaycan elmini təmsil edərək, ölkəmizdə ilk dəfə olaraq qədimdə və orta əsrlərdə Böyük İpək Yolu sistemində Azərbaycanın rolu problemini işləməyə başlayıb.
Məqalədə bildirilir ki, Q.Qoşqarlı 2001-2005-ci və 2013-2019-cu illərdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərinin tikintisi ilə əlaqədar arxeoloji tədqiqatlar layihəsinə rəhbərlik edib. Layihə çərçivəsində müxtəlif dövrlərə aid onlarca yaşayış yeri və nekropollar tədqiq olunub. Arxeoloqun bu elmi araşdırmaları “Azərbaycan ərazisindəki antik dövr qəbir abidələrinin tipologiyası” fundamental monoqrafiyasında (2012) öz əksini tapıb. O, respublikada və xaricdə nəşr olunmuş 100-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Q.Qoşqarlı, həmçinin ölkə başçısının müvafiq sərəncamlarına əsasən nəşr olunmuş “Azərbaycan ensiklopediyası. Əsas cild”in və “Azərbaycanın Milli Atlası”nın müəlliflərindəndir.