ELM VƏ TƏHSİL
ASAIF-in nümayəndələri xarici ölkələrin gənc liderləri ilə görüşmüşlər
Bakı, 20 sentyabr (AZƏRTAC). Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) nümayəndələri “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Avropa İttifaqının Gənclər Fəaliyyətdə proqramı çərçivəsində “Başla-Dəyiş-İnkişaf Et” beynəlxalq layihəsinin iştirakçıları ilə görüşmüşlər.
ASAIF-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən görüşdə 11 ölkədən 30 gənc lider iştirak etmişdir.
Tədbirdə akademiyanın dekanı, professor Anar Vəliyev iştirakçılara ali təhsil ocağının qəbul qaydaları, tədris proqramları, xarici əlaqələri haqqında geniş məlumat vermişdir.
Görüşdə iştirak edən ASAIF-in nümayəndə heyəti əcnəbi gənclərə təşkilatın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və uğurla həyata keçirdiyi layihələr barədə danışmışdır. Qeyd edilmişdir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə diaspor nümayəndələrinin qarşılıqlı münasibətinin düzgün qurulması, diaspor və lobbiçilik işlərinin daha səmərəli şəkildə aparılması, xarici ölkələrdə təhsil alan gənclərin azərbaycançılıq dəyərləri ətrafında daha sıx birləşdirilməsi, ölkəmizin dünyada təbliğ olunmasında gənclərin yaxından cəlb olunması ASAIF-in əsas fəaliyyət istiqamətlərindəndir.
Tədbirdə iştirak edən ASAIF-in Böyük Britaniya, Türkiyə, Rusiya, Litva, Macarıstan, Çin, Almaniya, Yaponiya, Misir, Moldova üzrə nümayəndələri təhsil aldıqları ölkələrdə iştirak etdikləri və həyata keçirdikləri layihələrdən danışaraq, təcrübələrini qonaqlarla bölüşmüşlər.
Sonra qonaqlar ADA ilə tanış olmuşlar.
Sentyabrın 23-dək davam edəcək layihədə 10 ölkədən - Azərbaycan, Litva, Macarıstan, Moldova, Ukrayna, Malta, Türkiyə, Gürcüstan, Çexiya, Belarusdan 30 gənc lider iştirak edir. Layihənin əsas məqsədi xarici qonaqları Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, aparılan uğurlu gənclər siyasəti haqqında məlumatlandırmaqdır.