CƏMİYYƏT
“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçiblər
Bakı, 16 iyul, AZƏRTAC
“ASAN-Master 2” layihəsində iştirak edən “ASAN könüllüləri” Gənclər Təşkilatı üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri təcrübə başa çatıb.
AZƏRTAC-a bu barədə rayon icra hakimiyyətindən məlumat veriblər.
Bu münasibətlə keçirilən tədbirdə “ASAN könüllüsü” Azər Ağayev təcrübə müddətində həmkarlarının fəaliyyəti barədə danışıb. Könüllülərdən Səma Tağıyeva, Elmar Kərimov və Elgün Məmmədov öz çıxışlarında icra hakimiyyətində keçdikləri təcrübədən, onlara göstərilən diqqət və qayğıdan bəhs edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev “ASAN xidmət”in məmur-vətəndaş münasibətlərinə verdiyi böyük töhfələr və onun dünyada Azərbaycanın brendi kimi tanındığı barədə danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva vətəndaşların qayğılarını yüngülləşdirməkdə “ASAN xidmət”in böyük rol oynadığını və qurumun nüfuzunu günbəgün artdığını bildirib. Qeyd olunub ki, dövlətin yaratdığı imkan və şəraitdən istifadə edən gənclər eyni vaxtda həm nəzəri, həm də praktiki biliklərə yiyələnirlər. Könüllülər təcrübə prosesində dövlət qurumlarının fəaliyyəti və iş prinsipləri, nizam-intizam qaydaları ilə yaxından tanış olurlar.
Sonda təcrübədə iştirak etmiş “ASAN könüllüləri”nə sertifikatlar təqdim edilib.