İQTİSADİYYAT
ASCO-nun Təlim Tədris Mərkəzində “Saipem”in gəmilərində işləyən mühəndislər üçün seminar təşkil olunub
Bakı, 23 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində “Saipem” şirkətinin gəmilərində işləyən İtaliya və Xorvatiyadan olan sayt mühəndisləri üçün seminar keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, seminar Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Çərçivə Tənzimləyicisi vasitəsilə Dəniz Neft Sənayesi Təlimi Təşkilatına (OPITO) keyfiyyət standartlarının əlavə dəyəri” mövzusuna həsr olunub. İki gün davam edən seminarı kapitan Titos Giannakakis aparıb. OPITO-nun dənizdə əsas təhlükəsizlik təlimatı və fövqəladə təlim proqramını (BOSIET) başa vurmuş beynəlxalq mütəxəssislər üçün hazırlanmış kurs zamanı iştirakçılara IMO-nun təhlükəsizlik qaydaları haqqında geniş məlumat verilib. Bundan başqa, IMO-nun dəniz sənayesində təlim keyfiyyətinin yüksəldilməsinə necə dəyər qatdığı izah edilib.
Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.