MƏDƏNİYYƏT
Aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunmuşdur
Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, AAB-nin sədri, Xalq Şairi Zəlimxan Yaqub Aşıq Əkbər Cəfərovun yaradıcılığından söhbət açmışdır.
Bildirilmişdir ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində doğulmuşdur. El sənətkarı dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi, qurultayların nümayəndəsi olmuşdur.
Çıxış edənlər aşığın çoxsahəli yaradıcılığından, onun ifaçılıq məharətindən danışmışlar. Bildirilmişdir ki, Aşıq Əkbər Cəfərov həm də yaradıcı aşıq idi. Onun “İşıqlı tellər”, “Saz danışanda”, “Söz qanana qurban olum” adlı şeirlər kitabları işıq üzü görmüşdür.
Görkəmli aşıq yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1990-cı ildə 57 yaşında vəfat etmişdir. Onun işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaqdır.
Tədbirdə aşıqların ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş musiqilər səsləndirilmişdir.