İQTİSADİYYAT
Asiya İnkişaf Bankı jurnalistlər üçün yazı müsabiqəsi keçirir
Bakı, 29 noyabr (AZƏRTAC). Asiya İnkişaf Bankı (AİB) “AİB-in Azərbaycandakı əməliyyatları” mövzusunda yazı müsabiqəsi keçirir. Müsabiqədə yalnız çap və elektron mediada çalışan jurnalistlər iştirak edə bilərlər.
AİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin əsas məqsədi insanları AİB-in Azərbaycandakı əməliyyatları haqqında məlumatlandırmaqdır.
İştirakçılar AİB-in Azərbaycandakı əməliyyatları və bu əməliyyatların insanların həyatına təsiri barədə məqalə hazırlayıb AİB-in Azərbaycandakı daimi nümayəndəliyinə təqdim etməlidirlər. Müsabiqə təşəbbüsünü şərh edən AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirmişdir: “Müsabiqənin məqsədi insanları Azərbaycanda gördüyümüz işlər haqqında məlumatlandırmaqdır. Biz çox istərdik ki, insanlar müxtəlif sektorlardakı əməliyyatlarımızın nə dərəcədə səmərəli olduğunu və bizim yardımın onların həyatını yaxşılaşdırmağa necə kömək etdiyini bilsinlər. İnanırıq ki, Azərbaycan jurnalistləri bu müsabiqədə həvəslə iştirak edəcəklər.”
Bir jurnalist müsabiqəyə həcmi minimum min söz olmaq şərti ilə yalnız bir məqalə təqdim edə bilər. Məqalələr Azərbaycan, rus və ingilis dillərində olmalıdır.
Məqalələr dekabrın 18-dək təqdim edilməlidir.
Qaliblərə pul mükafatı veriləcəkdir.