ELM VƏ TƏHSİL
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının yaponiyalı iştirakçısı Bakı Dövlət Universitetində olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak edən, Yaponiyada Dominikan Respublikasının Səfirliyinin xoşməramlı məsləhətçisi, Yapon-Ruanda parlamentlərarası dostluq assosiasiyasının məsləhətçisi, Kansai Universitetinin iqtisadi və siyasi elmlər institutunun araşdırmaçısı, Yaponiyada Ruanda Respublikasının səfirliyinin xüsusi məsləhətçisi, “İshııBrothers” kompaniyasının prezidenti doktor İtaru İşi noyabrın 23-də Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Bakı Dövlət Universitetinin mətbuat və İnformasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat vermiş, universitetdə elm və təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.
İtaru İşi BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Qonaq, eyni zamanda, BDU-nun Şərqşünaslıq fakültəsinin yapon dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşmüş, onların bu dil üzrə biliklərindən məmnun qaldığını vurğulamışdır.
Sonra İtaru İşi universitetin Heydər Əliyev Muzeyində və elmi-tədqiqat laboratoriyalarda olmuşdur.