SİYASƏT
ASİYADA QARŞILIQLI FƏALİYYƏT VƏ ETİMAD TƏDBİRLƏRİNƏ DAİR MÜŞAVİRƏNİN YÜKSƏK SƏVİYYƏLİ ŞƏXSLƏR KOMİTƏSİ İŞÇİ QRUPUNUN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Almatı, 26 yanvar (AZƏRTAC). Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, Almatı çəhərində Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Yüksək Səviyyəli Şəxslər Komitəsi işçi qrupunun yığıncağı keçirilmişdir.
Yığıncaqda Müşavirənin üzvü olan ölkələrin-Azərbaycan, Rusiya, Qazaxıstan, Əfqanıstan, Misir, Hindistan, İran, İsrail, İordaniya, Çin, Koreya, Monqolustan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Tailand, Özbəkistan və Tacikistanın ekspertlərdən ibarət nümayəndə heyətləri iştirak etmişlər.
Ölkəmizi bu tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisi Elman Ağayev, nazirliyin əməkdaşları Rəşad Novruzov və Jalə İbrahimova təmsil etmişlər.
Görüşdə Müşavirənin bu il iyunun 7-dən 9-dək İstanbulda keçiriləcək 3-cü Sammitinə hazırlıq məsələləri, etimad tədbirlərinin həyata keçirilməsi prosesi, Asiyada təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş, müasir dövrün aktual problemlərini nəzərə almaqla energetika təhlükəsizliyi sahəsində konsepsiya və fəaliyyət planı təsdiq edilmişdir.
Azərbaycan nümayəndələri növbəti görüşün bu ilin martında Bakıda keçirilməsini təklif etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı