ELM VƏ TƏHSİL
“Ask me” (“Məndən soruş”) layihəsi uğurla həyata keçirilir
Bakı, 18 iyun, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyinin “SABAH” qruplarının tərəfdaşlığı ilə reallaşan “Ask me” (“Məndən soruş”) layihəsi uğurla həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihədə iştirak edən “SABAH-ın könüllüsü” İçərişəhərdə “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş turistlərin suallarını cavablandırır və onları istiqamətləndirir.
Layihəyə dörd ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin “SABAH” qruplarının tələbələrindən ibarət könüllülər qatılıblar.
Birinci Avropa Oyunlarını dəstəkləyən, onun əhəmiyyətini təbliğ edən “SABAH” qruplarının tələbələrindən ibarət könüllülərin möhtəşəm tədbirin sonunadək İçərişəhərdə fəaliyyəti nəzərdə tutulub.
Layihə iştirakçılarına Təhsil Nazirliyi tərəfindən sertifikatlar və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi təşəkkürnamə veriləcək.
“SABAH-ın könüllüsü” proqramı “SABAH” qruplarının tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial fəallığını artırmaq, onların idarəçilik bacarıqlarının və liderlik potensialını inkişaf etdirmək məqsədi ilə fəaliyyət göstərir. Hazırda “SABAH” qrupları yeddi ali təhsil müəssisəsində 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.