SİYASƏT
AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarında yaranmış təhlükə ilə bağlı məsələlər qaldırılmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 27-28-də Maltada Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin iclası keçirilmişdir.
İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış etmişdir. Deputat bildirmişdir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisi 25 ildir Ermənistan tərəfindən blokadada saxlanılır. Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi böyük əziyyətlərə düçar olmuşdur.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu deyən E.Süleymanov təcavüzkar dövlətin Naxçıvanı da öz ərazilərinə qatacaqları ilə bağlı hədələr səsləndirdiyini vurğulamışdır. Naxçıvan sakinlərinin bu davamlı təhdidlə üz-üzə qaldıqlarını nəzərə alsaq, belə təhlükəli ərazidə gündəlik həyatın yüksək təzyiq altında olduğunu görərik. Maraqlıdır ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞPA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmamış, sənəd qəbul edilməmişdir.
Vurğulanmışdır ki, əvvəlcə bu ədalətsiz blokadanın aradan qaldırılması vacibdir. Bu tələbi isə heç kim eşitmək istəmir. Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafını sürətləndirmək istəyirsə ilk növbədə işğala son qoyulması üçün qəti sözünü deməlidir.
Sonra Elxan Süleymanov Sərsəng humanitar faciəsi ilə bağlı məlumat verərək bildirmişdir ki, 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş, 560 milyon kubmetr su tutumuna malik Sərsəng su anbarı 1992-ci ildən Ermənistan tərəfindən ələ keçirilmişdir. İyirmi ildən artıqdır ki, heç bir texniki xidmət göstərilməməsi səbəbindən bu su anbarı hazırda qəza vəziyyətindədir. Bu Azərbaycanın aşağı Qarabağda yerləşən 6 rayonunda yaşayan 450 min nəfər əhali üçün ciddi təhlükə mənbəyi olmaqla yanaşı, regionda iqtisadi, ekoloji, bioloji fəsadlara səbəb olmuşdur. Hazırda region əhalisi ciddi humanitar faciə ilə üz-üzədir. Elxan Süleymanov beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar faciənin aradan qaldırılmasının vacibliyinə yönəltməyə çağırmışdır.
Avropa ölkələrindən olan bir neçə deputat Elxan Süleymanovun qaldırdığı məsələləri dəstəkləyərək onunla həmrəy olduqlarını bildirmişlər.
Elxan Süleymanovun çıxışından sonra Monitorinq Komitəsində qərara alınmışdır ki, Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar vəziyyəti ilə bağlı araşdırmalar apararaq bu məsələləri öz məruzələrinə daxil etsinlər. Avropa Şurası isə qaldırılan məsələləri daim nəzarətdə saxlasın.
Sonda Monitorinq Komitəsinin sədri Stefan Şennah Naxçıvanın blokadası ilə bağlı Avropa Şurasında dinləmələrin keçirilməsinin vacibliyini vurğulamışdır.