SİYASƏT
AŞPA SƏDRİ LUİS MARİA DE PUÇ ERMƏNİLƏRİN QUBADA TÖRƏTDİYİ VƏHŞİLİKLƏRİ QEYRİ-İNSANİ HƏRƏKƏT ADLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç Azərbaycana səfəri çərçivəsində respublikanın şimal bölgəsində olmuşdur.
AŞPA sədri əvvəlcə Quba rayonundakı Qırmızı qəsəbədə yəhudi sinaqoquna baş çəkmişdir. Qonağa məlumat verilmişdir ki, bu qəsəbə yəhudilərin Yerusəlimdən sonra birgə yaşadıqları ən böyük məntəqələrdəndir. Burada məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yüzillik tarixi olan sinaqoq bərpa edilərək yenidən yəhudilərin istifadəsinə verilmişdir. Sinoqoqdakı üç yüz illik tarixə malik müqəddəs Tövrat Luis Maria de Puça göstərilmişdir.
Qonaq rus çarizmi dövründə Qudyalçay üzərində Quba şəhərini Qırmızı qəsəbə ilə birləşdirən və 1851-ci ildə hərbi-strateji obyekt kimi istifadəyə verilən Dostluq körpüsünə də baxmışdır. AŞPA sədri Qubadakı xalça-sərgi salonuna gəlmiş, xalçaçılığın tarixi və istehsal prosesi ilə maraqlanmışdır.
Luis Maria de Puç Quba rayonundakı kütləvi məzarlığa da baş çəkmişdir. Buradakı tədqiqat işlər barədə AŞPA sədrinə məlumat verilmişdir. Bildirilmişdir ki, arxeoloji qazıntılar zamanı məzarlıqdan 190-a yaxın insan qalıqları aşkarlanmışdır. Qalıqlar 1918-ci ildə ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilən dinc əhaliyə məxsusdur.
Gördüklərindən və eşitdiklərindən təsirlənən AŞPA sədri demişdir: “Qeyri- insani hərəkət mənə çox ağır təsir etdi. Gördüklərim haqqında həmkarlarıma, Avropa Şurasına, müvafiq komissiyalara məlumat verəcəyəm. Avropada da belə yerlər aşkarlanıb. Quba kütləvi məzarlığı isə daha aydın və göz qabağında olan faktdır”.
Avropalı qonaq İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbinə gəlmişdir. Heydər Əlyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində tikilən məktəb 2006-cı ildə istifadəyə verilmişdir. Burada 340 şagird təhsil alır, 30 müəllim çalışır.
AŞPA sədri Qusar rayonundakı Tofiq İsmayılov adına 6 nömrəli şəhər orta məktəbində də olmuşdur. 1988-ci ildə istifadəyə verilmiş bu məktəb 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuşdur. 760 yerlik, 4 korpuslu təhsil ocağında Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada milli azlıqlar üçün hər cür şərait yaradılmışdır, ləzgi dili də tədris olunur.
Luis Maria de Puç məktəbin kollektivi ilə söhbətində bildirmişdir ki, səfərini başa vurduqdan sonra Assambleyanın komissiyalarında Azərbaycanın təhsil sistemi barədə danışacaqdır. Avropalı qonaq məktəbin kollektivi ilə xatirə şəkli çəkdirmişdir.