SİYASƏT
Aşqabadda MDB Elektroenergetika Şurasının 41-ci iclası keçiriləcəkdir
Minsk, 23 may (AZƏRTAC). Minskdə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 25-də Aşqabadda Birliyin Elektroenergetika Şurasının 41-ci iclası keçiriləcəkdir.
Tədbirdə MDB İcraiyyə Komitəsi sədrinin - MDB icraçı katibinin birinci müavini Vladimir Qarkun iştirak edəcəkdir.
İclas iştirakçıları Birlik dövlətlərinin milli enerji sistemlərinin 2011-2012-ci illərin payız-qış dövründə işinin yekunlarını və Mərkəzi Asiyanın enerji sistemlərinin paralel işinin problemlərini müzakirə edəcəklər.
İclasda elektrik enerjisi və gücünün mübadiləsindən plandankənar yayınma hallarının tənzimlənməsində Birlik dövlətlərinin qarşılıqlı fəaliyyəti, MDB-nin Elektroenergetika Şurası və BMT-nin Avropa İqtisadi Komissiyası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumun hazırlanması, MDB-nin Elektroenergetika Şurasının qərarı ilə yaradılmış işçi qrupların və digər orqanların fəaliyyəti haqqında məsələləri müzakirə etmək planlaşdırılır.
Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurası (MDB EEŞ) və onun işçi orqanı - İcraiyyə Komitəsi Müstəqil Dövlətlər Birliyinin elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi haqqında Sazişinə müvafiq olaraq yaradılmışdır. Saziş MDB ölkələrinin hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında imzalanmışdır.
Hazırda Birlik dövlətlərinin 11 milli enerji sistemlərindən 10-nu sinxron şəkildə paralel iş aparır. Bundan əlavə, MDB-nin enerji sistemlərinin birliyi Latviya, Litva, Estoniya və Monqolustanın enerji sistemləri ilə paralel işləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk