ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda son 6 ayda fundamental elmi nəticələr əldə olunub
Bakı, 7 iyul, AZƏRTAC
2022-ci ilin birinci yarısında AMEA Aşqarlar Kimyası İnstitutu əməkdaşlarının 2 kitabı dərc olunub. 2022-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzinə 11 ixtiraya dair iddia sənədi göndərilib, 7 ixtiraya dair iddia sənədinin dərci haqqında müsbət qərar, 1 patent alınıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının 2022-ci ilin I yarısın həsr olunmuş hesabat iclasında icraçı direktor dosent Əfsun Sucayev söyləyib. O bildirib ki, Aşqarlar Kimyası İnstitutunda son 6 ayda mühüm fundamental nəzəri və tətbiqyönlü elmi nəticələr əldə olunub. İnstitutun mövzu planına uyğun olaraq bir üstün istiqamət və iki problem üzrə zərif üzvi sintez və kompüter kimyasının ən son nailiyyətlərindən istifadə olunaraq sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının, xüsusi mayelərin və plastik sürtkülərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılıb. Bu tədqiqatlar institutun illik iş planındakı problemə aid 12 mövzu və 36 mərhələ üzrə aparılan işləri əhatə edib, həm müştərək beynəlxalq əməkdaşlıq yolu ilə mühüm nəzəri, həm də tətbiqyönlü elmi nəticələr əldə olunub.
Diqqətə çatdırılıb ki, son 6 ayda institut əməkdaşlarından iki nəfəri kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə edib, iki nəfərin isə elmlər doktorluğu dissertasiya işi müdafiəyə hazırlanıb. İnstitutun bir gənc doktorantı Portuqaliyanın Lissabon Universitetində təcrübə keçib, mühüm nəticələr əldə edib. Həmçinin institut əməkdaşlarının respublikada 97, xaricdə 7 olmaqla 104 tezisi müxtəlif konfranslarda məruzə olunub və çap edilib.
İnstitut alimlərinin 2022-ci ilin I yarısında dərc olunmuş elmi əsərləri haqqında məlumat verən Ə.Sucayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 10-u “Web of Science”, “Scopus”, 4-ü RSCI bazasına daxil olan 14 məqalə yüksək impakt faktorlu jurnallarda çap edilib. Bu əsərlərə 200-ə yaxın istinad olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə yüksək göstəricidir. Belə ki, 2021-ci ilin 6 ayında cəmi 5 məqalə impakt faktorlu jurnalda dərc olunub.
Sonda laboratoriya müdirləri hesabat ətrafında çıxış ediblər.