SİYASƏT
Astanada Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Astana, 24 iyun (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi paytaxtdakı “Astana Nuri” restoranında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə təntənəli qəbul keçirmişdir.
Mərasimdə Qazaxıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri, Amerika Birləşmiş Ştatları, Avstriya, Almaniya, Türkiyə, Çin, Fransa, Polşa, Hindistan, Ukrayna, Belarus, Rumıniya, Litva və digər ölkələrin Astanadakı səfirləri və hərbi attaşeləri, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının üzvləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Ölkəmizin Qazaxıstandakı səfirliyinin hərbi attaşelik aparatının rəhbəri, polkovnik Xəzər Abbasov mərasim iştirakçılarını salamlamış, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqqında ətraflı məlumat vermiş, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin vaxtilə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulmuş, Silahlı Qüvvələr ən müasir texnika və silahlarla təchiz olunmuşdur.
X.Abbasov Azərbaycan-NATO, Azərbaycan-Qazaxıstan münasibətləri haqqında da məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri haqqında danışmışdır.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələri haqqında açıqca və jurnallar nümayiş etdirilmiş, ordumuzla əlaqədar videofilm göstərilmişdir.
Mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
######